Türkiyəli yazarlar BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində

27/11/2014

Türkiyəli yazarlar BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin dəvəti ilə ölkəmizə səfərə gələn Türkiyə Yazıçılar Birliyinin katibi, şair İbrahim Əryigit, sənətçi Əsən Əryigit və “Birləşən Ürəklər” dərnəyinin başqanı, şairə Yasemin Meydan Kitabxanaçılıq-informasiya fakültəsində olublar.

Kitabxanaçılıq-informasiya fakültəsində tanınmış yazarlarla keçirlən görüşü giriş sözü ilə açan dekan, dosent Azad Qurbanov qonaqları salamlamış, onların ölkəmizə, eləcə də BDU-nun 95 illiyi ərəfəsində bu təhsil, elm ocağına gəlişindən məmnunluğunu ifadə etmişdir.

Sonra tədbirin aparıcısı, dekan müavini, dosent Ələmdar Cabbarlı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin həyata keçirdiyi layihələrdən bəhs etmiş, Türk dünyası ilə yaradılan ədəbi-mədəni əlaqələrin vacibliyini vurğulamışdır. Görüşdə çıxış edən professor Abuzər Xələfov, dosent Knyaz Aslan və başqları bu cür səfərlərin əhəmiyyətindən bəhs etmiş, Türkiyə Cümhuriyyətinin hər zaman Azərbaycanın yanında olduğunu bildirmişlər. Türkiyəli yazarlar da öz növbəsində Azərbaycanda onlara göstərilən isti münasibətlərdən məmnun olduqlarını bildirmiş, bu cür görüşlərin ardıcıl olaraq keçirlməsinin əhəmiyyətindən bəhs etmişlər.

Tədbirdə tələbələrin ifasında Türkiyəli yazarların şeirlərinindən nümunələr səsləndirilmiş, musiqilər ifa edilmişdir.

Görüşün sonunda “Birləşən Ürəklər” dərnəyinin başqanı Yasemin Meydan iştirakçılara rəhbərlik etdiyi təşkilatın adından diplom və medallar təqdim edib. Eyni zamanda Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov da yazarlara bir sıra hədiyyələr təqdim etmişdir.

Görüşdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov da iştirak etmişdir.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti