Professor Abuzər Xələfovun "Kitabxanaşünaslığın tarixi və metodologiyası" adlı kitabının təqdimat mərasimi keçirildi

19/06/2014

Bakı, 19 iyun (AzərTAc, Elvira Məmmədova). İyunun 19-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Əməkdar Elm Xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, tarix elmləri doktoru, professor Abuzər Xələfovun “Kitabxanaşünaslığın tarixi və metodologiyası” kitabının təqdimatı olmuşdur.
“Bakı Universiteti” nəşriyyatının mətbəəsində 2014-cü ildə çapdan çıxmış kitabın elmi redaktoru pedaqogika üzrə fəlsəfə doktoru, dosent K.Aslan, redaktoru pedaqogika üzrə fəlsəfə doktoru, dosent E.Əhmədov, rəyçiləri isə pedaqogika üzrə fəlsəfə doktoru, dosent M.Məmmədov və tarix üzrə fəlsəfə doktoru, dosent P.Kazımidir.
AzərTAc xəbər verir ki, tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq dərsliyin kitabxanaçılığın inkişafındakı mühüm rolundan danışmış, müəllifə yeni uğurlar arzulamışdır.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev alimi yüksək ada layiq görülməsi münasibətilə təbrik etmiş, onun müəllifi olduğu nəşrin kitabxanaşünaslıq elminə töhfə verəcəyini vurğulamışdır.
Sonra nəşrin elmi redaktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan professor Abuzər Xələfovun həyat və fəaliyyətindən və kitabın məziyyətlərindən danışmışdır. Bildirmişdir ki, yeddi fəsildən ibarət dərslik dünyada və Azərbaycanda kitabxanaşünaslıq fikirlərinin meydana gəlməsi, təşəkkülü və inkişafı, Orta əsrlərdə, o cümlədən XIX, XX əsrlərdə kitabxanaşünaslıq, informasiya cəmiyyəti və kitabxanaşünaslığın müasir problemləri və kitabxanaşünaslığın metodologiyası mövzularını əhatə edir.
Diqqətə çatdırılmışdır ki, kitabxanaşünaslığın tarixi və metodologiyası bu elmin çox mühüm və ən az öyrənilmiş sahələrindən biridir. Bu problem təkcə Azərbaycanda deyil, dünya kitabxanaşünaslığında da ayrıca tədqiqat obyekti olmamışdır. Böyük bir tarixi dövrü araşdırmalı olan müəllif dünya kitabxanaşünaslığında, Azərbaycan və rus dillərində çapdan çıxmış zəngin materialların öyrənilməsi və təhlili əsasında uzun əsrlərdən bəri kitabxanaçılıq fikirlərinin keçdiyi beş minillik təkamül və inkişaf yolunu ardıcıl şəkildə izləmiş, onun tədricən müstəqil kitabxanaçılıq elminə çevrilməsi prosesinin qanunauyğunluqlarını elmi-nəzəri cəhətdən əsaslandırmışdır.
Dərsliyin axırıncı fəslində isə müasir kitabxanaşünaslığın metodologiyası, metodikası və statusu problemlərinin elmi tədqiqinə və təhlilinə səy göstərilmişdir.
Tədbirdə kitabxanaçılığın inkişafındakı mühüm xidmətlərinə görə professor Abuzər Xələfova Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” medalı və döş nişanı təqdim olunmuşdur.
Digər çıxış edənlər də Azərbaycanda kitabxanaşünaslığın banisi, professor Abuzər Xələfovu təbrik etmiş, ona elmi fəaliyyətində yeni uğurlar arzulamışlar.
Sonda professor Abuzər Xələfov göstərilən diqqət və qayğıya görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirmişdir.

http://azertag.com/

 

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti