“Kitabxanaşünaslığın tarixi və metodologiyası”

06/06/2014

Bu günlərdə görkəmli kitabxanaşünas, professor Abuzər Xələfovun elmi ictimaiyyətə təqdim etdiyi “Kitabxanaşünaslığın tarixi və metodologiyası” kitabı sahə elmini zənginləşdirən fundamental əsər kimi çoxillik tədqiqatların nəticəsidir.

Elmi dəyərinə görə bu əsəri təkcə müəllifin deyil, bütövlükdə, Azərbaycan kitabxanaşünaslığının ciddi uğuru saymaq olar. Milli kitabxanaşünaslığın elmi əsasını qoymuş, ölkəmizdə ilk kitabxanaçılıq-informasiya fakültəsinin yaradıcısı olmuş alim 60 ildən artıq elmi- pedaqoji fəaliyyəti müddətində 35-dən çox kitab, 500-dən yuxarı elmi məqalə nəşr etdirmişdir. Əməkdar elm xadimi və əməkdar mədəniyyət işçisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, tarix elmləri doktoru, professor Abuzər Xələfov yeni əsərində beşminillik yazı-kitab tarixini əhatə etmiş, çoxsaylı elmi mənbələr əsasında kitabxanaşünaslığın təkamülünü təsnif və təhlil etmişdir.

Alim çoxsaylı tarixi nümunələr əsasında sübut edir ki, insanın dünyaya gəlməsi və layiqli vətəndaş olmasında ananın rolunu mədəni insan cəmiyyətinin formalaşması və inkişaf etməsi prosesində kitabxanalar davam etdirir. Mühüm sosial funksiyaları həyata keçirən kitabxanalar elmi-texniki tərəqqinin sürətlənməsində, iqtisadi, siyasi və mədəni inkişafda yaxından iştirak edir. Odur ki, kitab və kitabxanaların köməyi ilə müstəqil dövlətimizin əsas ideyalarının həyata keçirilməsi, azərbaycançılığın xalq kütlələri arasında yayılması üçün fəal iş aparılmalıdır. Kitabda professor A.Xələfov “Kitabxana işi dövrlə, zamanla ayaqlaşmalı, həmişə canlı və dinamik olmalıdır” tezisini irəli sürmüş və bununla bağlı məsələləri təhlil etmişdir.

Əsər altı fəsildən ibarətdir. Alim kitabxanaşünaslığın həm tarixi, həm də metodoloji məsələlərində təkamülə, təcrübəyə əsaslanmış, kitabın, ictimai mütaliənin, kitabxananın forma və texnoloji proseslərinin dəyişməsi zamanı onun mahiyyətinin qorunub-saxlanmasını elmi baxımdan şərh etmişdir. Kitabda kitabxanaşünaslığın ümumnəzəri və metodoloji problemləri və tədqiqat üsulları, kitabxanaların sosial funksiyaları və tarixi, cəmiyyətin intellektual inkişanfında, insanların mədəni-mənəvi tərbiyəsində, təhsil prosesində kitabxanaların rolu geniş açıqlanmışdır. Kitabxanaşünaslığın elmlər sistemində yeri və digər elmlərlə qarşılıqlı əlaqələri, konseptual məsələləri də tədqiqatda öz əksini tapmışdır.

Müstəqil Azərbaycanda kitabxana-informasiya fəaliyyətinin strateji istiqamətləri, kitabxana işinin informasiya cəmiyyətinin vəzifələrinə uyğun şəkildə yeniləşməsi, kitabxana-informasiya mütəxəssisinin yeni peşə keyfiyyətləri və s. kimi aktual məsələləri müəllif ətraflı şərh etməklə yanaşı, həm də tarixi ənənəyə sadiq qalmaq, milli dəyərləri öyrənmək və yaymaq kimi funksiyaları kitabxanaların önəmli vəzifəsi olaraq qeyd edir.

Kitabda kitabxanalar müasir informasiya cəmiyyəti şəraitində ümumi inkişafa təsir edən əsas elm mərkəzlərindən biri kimi səciyyələndirilir. Alim əhaliyə keyfiyyətli, nümunəvi, müasir kitabxana-informasiya xidmətinin təşkili formalarını təklif edir, informasiya-kommunikasiya texnologiyalarının kitabxanaşünaslığa inteqrasiya olunmasının zəruriliyini əsaslandırır, müasir dövrdə kitabxana işinin əsas inkişaf istiqamətlərini müəyyənləşdirir.

Professor A.Xələfov dünya təcrübəsi ilə yanaşı, müasir Azərbaycan cəmiyyətində gedən sosial-mədəni proseslərlə kitabxana işinin əlaqələndirilməsinə, onun nəzəri əsaslarının, praktik yönlərinin ümumiləşdirilməsinə də diqqət yetirir. Müəllif XX əsrdə kitabxanaşünaslıq elminə böyük töhfələr vermiş ABŞ alimi C.X.Şiranın dəyərli, fikirlərinə, qiymətli əsərlərinə istinad etməklə, oxucunu kitabxana işinə qabaqcıl dünya baxışı ilə tanış edir, elmi mülahizələrini qüvvətləndirir.

Görkəmli kitabxanaşünasın növbəti kitabında da insanın şəxsiyyət kimi formalaşmasında kitabın böyük mədəni və tərbiyəvi əhəmiyyəti, əlyazma və çap kitablarının qorunub- saxlanmasında, nəsildən-nəslə ötürülməsində, ömrünün uzadılmasında, cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsində, eləcə də mürəkkəb qlobal informasiya proseslərində kitabxananın rolu və iştirakı bir daha vurğulanır. Kitabın böyük kommunikativ dəyəri, müasir dünyada böyük əlaqələndirici rolu, bilik kapitalının insan kapitalına çevrilməsində  daşıdığı önəm əsərdə yüksək qiymətləndirilir.

Kitabxanaşünaslıq və informatika elmləri arasında dərin elmi-praktiki əlaqələr də əsərdə araşdırmaya cəlb edilmişdir. Alim bu proseslərin özəyində kitabxanaların kompyuterləşdirilməsinin, bütövlükdə, informasiyalaşdırılmasının durduğunu ön plana çəkmiş və bu yeniləşməni kitabxana işinin gələcəyi kimi dəyərləndirmişdir.

Kitabxanaçıların böyük müəllimi Abuzər Xələfovun “Kitabxanaşünaslığın tarixi və metodoligiyası” adlı elm tutumlu və innovativ bilgilərlə zəngin kitabı mütəxəsislərə, kitabxanaçı tələbələrə və kitabsevərlərə ustadın qiymətli hədiyyəsidir.

 

Azad Qurbanov,
BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent
Pərviz Kazımi,
BDU-nun kitabxanaşünaslıq kafedrasının dosenti

Bookmark and Share
© Bakı Dövlət Universiteti