Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevlə bağlı müsabiqənin qalibləri elan olundu
19/12/2013“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Bakı Dövlət Universiteti ilə birgə görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin 105 illiyinə həsr edilmiş tədbir keçirib. Mərasim Birliyin “Mir Cəlal irsinin təbliği” layihəsi çərçivəsində həyata keçirilib.
Layihənin məsləhətçisi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu, rəhbəri isə Şəmşir Şəmşirlidir.
BDU-da keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov layihənin əhəmiyyətindən və Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatında, eləcə də ədəbiyyatşünaslıqda olan mövqeyindən bəhs edib.
Daha sonra tanınmış ziyalılar – akademik Vasim Məmmədəliyev, professor Şirindil Alışanlı, professor Şamil Vəliyev Mir Cəlal irsi barədə fikirlərini bölüşüblər. Ədibin qızı, BDU-nun kafedra müdiri Ədibə xanım Paşayeva Mir Cəlal irsinə verilən qiymətə görə təşkilatçılara minnətdarlığını bildirib. Tədbirdə çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu Mir Cəlal Paşayev haqqında fikirlərini ifadə edib, eyni zamanda belə bir tədbirin keçirilməsinə şərait yaratdığına görə BDU-nun rektoru akademik Abel Məhərrəmova minnətdarlığını bildirib.
Daha sonra “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin BDU-nun tələbə və magistrantları arasında elan etdiyi “Mir Cəlal görkəmli yazıçı və ədəbiyyatşünas kimi” mövzusunda məqalə müsabiqəsinin qalibləri elan edilib və onlara İctimai Birlik adından diplom və pul mükafatları təqdim olunub.
Qeyd edək ki, müsabiqəyə 80-ə yaxın məqalə təqdim edilib. Həmin məqalələrdən 13-ü seçilmiş və məqalə müəllifləri müsabiqənin qalibləri kimi müəyyən edilib. Seçilmiş məqalələr ayrıca kitab şəklində çap edilib. Kitaba Azərbaycanın görkəmli alimləri Vasim Məmmədəliyev, professor Teymur Əhmədov, professor Şamil Vəliyev və eləcə də xalq şairi Nəriman Həsənzadə rəy veriblər. Nəşrin ön söz müəllifi professor Şirindil Alışanlı, tərtibçisi Həbib Misirov, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlıdır.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, maddi mədəniyyət nümunələrinin və milli-mənəvi dəyərlərin öyrənilməsi, qorunması və təbliği ilə bağlı bundan sonra da layihələr həyata keçirəcək.
Müsabiqənin qalibləri:
I YER – Jalə Abdullayeva – Filologiya fakültəsi
II YER – Nihal Qüdrətli – Kitabxanaçılıq-informasiya fakültəsi
III YER – Anar Fərəcov – Filologiya fakültəsi
HƏVƏSLƏNDİRİCİ YERLƏR:
Ofeliya Al-Xoca – Jurnalistika fakültəsi
Samirə Hüseynova – Filologiya fakültəsi
Ayşən Sadıqlı – Filologiya fakültəsi
Lalə Xəlilzadə – İlahiyyat fakültəsi
Törəxanım Zeynallı – İlahiyyat kültəsi
Daşqın Məhəmmədli – Kitabxanaçılıq-informasiya fakültəsi
Tünzalə Nəsibova – Kitabxanaçılıq-informasiya fakültəsi
Gülnar Axundova – Filologiya fakültəsi
Könül Abdullayeva – Kitabxanaçılıq-informasiya fakültəsi
Fəridə Abdıyeva – Jurnalistika fakültəsi
