GÖRKƏMLİ ALİM, SEVİMLİ MÜƏLLİM, MÜDRİK EL AĞSAQQALI

03/02/2014

BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının Akademiki, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov Azərbaycanda kitabxanaşünaslıq elminin yaradıcısı, bu sahədə elmi məktəb yaratmış tanınmış alim, sevimli müəllim, bacarıqlı elm və təhsil təşkilatçısı, Vətənini və xalqını canından əziz bilən və Azərbaycan dövlətçiliyinə və mədəniyyətinə xidmət etməyi şərəf işi hesab edən əsl vətəndaş və ictimai xadimdir. Professor Abuzər Xələfov Azərbaycan elminə və mədəniyyətinə böyük töhfələr vermişdir. O, mədəniyyət tarixi, kitabxana-informasiya fəaliyyətinə dair zəngin elmi irs yaratmış, kitabxana şəbəkəsinin təşəkkül tapmasında əvəzsiz xidmətlər göstərmiş, BDU-da Kitabxanaçılıq fakültəsinin təşkilatçılarından biri olmuş və ona 25 il rəhbərlik etmişdir. Bu gün də Kitabxanaçılıqinformasiya fakültəsinin bütün fəaliyyəti, uğurları, problemlərin həlli professor Abuzər Xələfovun adı ilə bağlıdır. Universitet kollektivi və kitabxana ictimaiyyəti haqlı olaraq bu fakültəni “Abuzər müəllimin fakültəsi” adlandırır. Professor Abuzər Xələfov görkəmli və məhsuldar bir alimdir. O, 500-dən çox elmi əsərin müəllifidir. Abuzər müəllimin qələmindən çıxmış hər bir əsər, istər monoqrafiya və dərslikləri, istərsə də ən kiçik həcmli məqalələri elm aləmində öz mötəbərliyi ilə fərqlənir. Kitabxanaşünaslıq nəzəriyyəsinin inkişaf tarixi, kitabxanaşünaslığın metodologiya və metodikasının əsasları, kitabxanaşünaslığın elmlər sistemində yeri, kitabxana-informasiya fəaliyyətinin problemləri, Azərbaycanda kitabxanaçılıq-biblioqrafiya təhsilinin təşkilati və pedoqoji məsələləri Abuzər Xələfovun elmi yaradıcılığında sistemli və kompleks şəkildə tədqiq edilmişdir. Alimin tarixi qaynaqlara əsaslanan əsərləri həmişə aktual olmuş, dövrlə və zamanala səsləşmişdir. 50 ildən artıqdır ki, çoxsaylı kitabxana ictimaiyyəti, tələbə və müəllim heyəti, alim və tədqiqtçılar onun elmi-pedoqoji irsindən bəhrələnirlər və zaman-zaman faydalanacaqlar. Professor Abuzər Xələfovun elmi irsi Azərbaycan mədəniyyət tarixində ayrıca bir mərhələ təşkil edir və çoxsaylı monoqrafiaya və dissertasiyaların tədqiqat obyektidir. Abuzər müəllimin Azərbaycan mədəniyyət tarixinə xidmətini yalnız Biruninin Şərqi İran, Hindstan və Şərqi Türküstanda islama qədərki əlyazmalarının biblioqrafiyasını yaratmaqla bəşəriyyətin mədəniyyət tarixinə göstərdiyi əvəzsiz xidməti ilə müqayisə etmək olar. Azərbaycan mədəniyyət tarixinin tədqiqatçıları üçün Abuzər müəllimin elmi irsi hətta bir neçə əsrdən sonra belə etibarlı tarixi mənbə olaraq qalacaqdır. Professor Abuzər Xələfovun fitri istedada malik novator alim, sevimli müəllim və qayğıkeş bir insan kimi yaşadığı 82 illik mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və gənc kitabxana-informasiya mütəxəsisləri üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Professor Abuzər Xələfovu heç kəslə müqayisə etmək olmaz. Abuzər müəllim alicənab, ədalətli, qayğıkeş bir insan kimi təkrarolunmazdır. Şəxsən mənim üçün professor Abuzər Xələfov Azərbaycan ziyalısının şərəf və ləyaqət rəmzidir.

Professor Abuzər Xələfov gözəl pedaqoq və sevimli müəllimdir. Abuzər müəllim öz tələbə və aspirantlarına təkcə elm öyrətməmiş, bir ata kimi onlara qayğı və xeyirxah münasibət göstərmiş, onların peşəkar ixtisasçı kimi yetişməsi üçün bütün imkanlardan istifadə etmişdir. Professor Abuzər Xələfov istedadlı gənclərin hamisidir. O, təkcə öz tələbə və aspirantlarının deyil, bir çox digər peşə sahiblərinin bir pedaqoq, alim, rəhbər işçi kimi formalaşmasında əvəsiz xidmət göstərmişdir. Mən böyük minnətdarlıq hissi ilə qeyd etmək istərdim ki, informatika sahəsində çalışmağıma görə Abuzər müəllimə borcluyam. 1999-ci ildə Abuzər müəllim mənə informatika elmi ilə ciddi məşğul olmağı tövsiyə etdi və bu illər ərzində yeniləşən dünyada kitabxana-informasiya fəaliyyətinin problemlərinin öyrənilməsində mənə daim qayğı və köməklik göstərmiş, tədqiqat istiqamətlərimi müəyyənləşdirmişdir. Mən buna görə özümü professor Abuzər Xələfovun tələbəsi hesab edirəm və bütün ömrüm boyu görkəmli alimimizə minnətdar olacam. Abuzər müəllim novator alimdir. O, həmişə ən müasir və aktual problemlərlə məşğul olmuş və olmaqdadır. Onun rəhbərliyilə yerinə yetrilən tədqiqat işləri elmi-praktiki əhəmiyyətinə görə böyük dəyərə malik olmuş və elmi ictimaiyyət tərəfindən həmişə böyük maraqla qarşılanmaqdadır. Professor Abuzər Xələfov bir fenomen şəxsdir. O, insani keyfiyyətlərinə görə ən ali pillədə duran ziyalılarımızdan biridir. Abuzər müəllim öz dərin zəkası, prinsipal mövqeyi, müdrikliyilə təkcə Vətənimzdə deyil, Azərbaycandan çox-çox uzaqlarda da böyük hörmət qazanmışdır. Abuzər müəllim həmişə və hər yerdə birinci olmağı bacaran, kamil və mənəvi cəhətdən saf insanlarla dostluq edən, dostluqda sədaqətli insandır. Onun mənə dediyi bir sözü heç zaman unutmayacam: “Zaman onsuz da dostlarımızı əldən alır. Ona görə dostların qədrini bilmək lazımdır. Yaş artdıqca yeni dost qazanmaq çətinləşir. Buna görə dost itirməyə haqqımız yoxdur”. “İnsan doğulandan ölənədək öyrənməyə cəhd etməli və bildiklərini öyrətməlidir” fikri Abuzər müəllimin həyat devizidir. O, həmişə söhbətlərində müasir insan üçün mütaliənin zəruriliyini vurğulayır və “öyrəndiklərimiz bir zərrə halında olsa belə yenə də bizim hər iki dünyamız üçün bir nur, bir işıq olacaq” kəlamını təkrar etməyi çox sevir. Abuzər müəllim öyrənməklə yanaşı öyrədənlərin əməyinə həmişə yüksək qiymət verir və Həzrət Əlinin “Kim mənə bir hərf öyrətmiş olsa məni özünə qul etmiş olar” hədisinə istinad edir. O, həmişə öz müəllimlərini böyük sevgi və kövrək hisslərlə xatırlayır, onlarla fəxr etdiyini və onlara borclu olduğunu qeyd edir.  Abuzər müəllim iş yoldaşlarına, tabeliyində olanlara qarşı çox diqqətlidir və kömək üçün ona müraciət edənlərə qarşı həmişə xeyirxahlıq və həssaslıq göstərir. Abuzər müəllim, sevdiyi insanların, xüsusilə dünyasını dəyişmiş müəllimlərin, dostlarının xatirəsini yaşatmaq üçün bacardığını edir, əksəriyyəti haqqında xatirələr, məqalələr yazmış, onların əsərlərinin təbliği, təkrar çapı üçün çalışmışdır. Professor Abuzər Xələfov heç vaxt müəllim peşəsinə və ədalətə xəyanət etməmiş, həmişə prinsipial mövqeyi ilə seçilmiş, haqqı müdafiə etmişdir. Hamı onu mübariz bir insan kimi tanıyir. Abuzər müəllim bütün fəaliyyəti boyu bəzi “orta əsr feodal düşüncəli rəhbərlərin” qeyri-qanuni hərəkətlərinə qarşı mübarizə aparmış, öz məntiqi və müdrikliyilə bu mübarizədə qalib olmuşdur. Bu xüsusiyyət Abuzər müəllimin mənəvi zəngilliyindən qaynaqlanır və babalarından, ilk növbədə atası Alı Xələfoğlundan ona genetik olaraq ötürülmüşdür. Alı Xələfoğlu öz silahlı dəstəsilə Abbasqulu ağa Şadlinskinin “Qırmızı taboru” ilə birlikdə 20-ci illərdə Zəngəzurda erməni daşnaklarına qarşı mübarizə aparmışdır. Sonradan o, Göyçə mahalında müxtəlif ali vəzifələrdə çalışaraq bütün ömrü boyu azərbaycanlıların hüquqlarını qorumuşdur. Məhz onun xidmətlərinə və böyük nüfuzuna görə kommunist cildinə girmiş daşnaklar Göyçə mahalında 1930-38-ci illərdə böyük miqyaslı repressiyalar apara bilməmişdir. Alı Xələfoğlu tutduğu yüksək vəzifələrə baxmayaraq heç zaman ermənilərə inanmamış, həmişə öz xalqının mənafeyini ən yüksək səviyyələrdə mərdliklə müdafiə etmişdir. Bu mərdliyinə görə ermənilər ondan qorxur və ona hörmət edirdilər.

Abuzər müəllim təvazökar insandır və öz peşəsinin vurğunudur. O, kitabxanaçı peşəsini ən ülvi və şərəfli peşə hesab edir və tələbələrinə bu peşəyə layiq mütəxəssislər olmağı tövsiyə edir. Abuzər müəllim müdrik bir insandır. O, səhvləri bağışlamağı bacaran, xəyanətlə isə barışmaz bir şəxsiyyətdir. Alimin fikrincə: “Hər bir insan səhv edə bilər, amma ətrafdakıların borcu həmin adama öz səhvini düzəltməyə köməklik göstərməsidir. Səbəbindən asılı olmayaraq xəyanəti bağışlamaq olmaz. Digərinə xəyanət etmiş adam sabah sənə, xalqına xəyanət edəcəkdir.” Abuzər müəllim əməlisaleh insan, dinimizə, adət-ənənələrimizə böyük hörmət bəsləyən və əməl edən bir şəxsdir. O, İslam dininin üç müqəddəs ocağını – Məkkədə müqəddəs Kəbəni, Məşhəd şəhərində İmam Rzanın, Kərbəla şəhərində İmam Hüseynin məzarını ziyarət etmişdir. Abuzər müəllim bir el ağsaqqalıdır. O, müdrikliyi və əməlləri ilə bu qeyri-rəsmi titula hələ cavan yaşlarından sahib olmuşdur. Abuzər müəllim 50-ci illərdən başlayaraq kənddən gəlmiş kasıb balalarının təhsil alması və layiqli millət övladı olması üçün hər şey etmişdir. Abuzər müəllim öz əqli və qərəzsiz mövqeyi ilə çox konfliktləri həll etmiş, problemlərin həllinə dair həmişə dəyərli məsləhətlər vermişdir. Professor Abuzər Xələfov bu gün çoxsaylı ictimai vəzifələri ilə yanaşı BDU-nun Ağsaqqallar Şurasının sədridir. Ağsaqqallar Şurası BDU-nun ictimai həyatında mühüm vəzifələr yerinə yetirir və universitetin idarə olunması və gələcək inkişafı barədə bir sıra məsələləri işləyərək Elmi Şuraya təqdim edir. Professor Abuzər Xələfov gözəl ailə başçısı, etibarlı həyat yoldaşı, qayğıkeş ata, sevimli babadır. Abuzər müəllimin ailəsi böyük Sevgi üzərində qurulmuş, qarşılıqlı məhəbbət və hörmət əsasında yaşayan bir ailədir. Abuzər müəllim ailənin, hər bir kişinin, xüsusilə yaradıcı insanın həyatında rolu haqqında mənimlə dəfələrlə söhbət etmiş, bu söhbətlərdə həyat yoldaşı Adilə xanım haqqında böyük məhəbbət və hörmətlə danışmış, onun əvəsiz insan olduğunu qeyd etmişdir. Abuzər müəllim üç oğul atasıdır. Onun oğulları Azər, Asəf və Elçin Azərbaycan dövlətçiliyinə xidmət edən şəxslərdir və boyük hörmət və nüfuz sahibləridir. Professor Abuzər Xələfov öz əməllərilə müdriklik zirvəsi yaratmışdır. Bəzi qısqanc insanalr dərk etməlidir ki, bu zirvə Aleksandr Puşkinin dediyi kimi “əlçatmazlıq heykəlidir” və ona heç bir vəzifə ilə, maddi imkanlarla çatmaq olmaz. Bu zirvəyə yalnız fitri istedad, peşəkarlıq, mərdlik, mübarizlik, xeyirxahlıq, mənəvi paklıq və insanlara sevgi ilə çatmaq olar. Abuzər müəllimin çoxsahəli fəaliyyətinin ciddi və hərtərəfli tədqiqata ehtiyacı vardır. Mən xahiş edərdim ki, bizim alimlər magistr və doktorantlara mövzu təklif edərkən bu istiqamətə diqqət yetirsinlər. Bu, Azərbaycan tarixi və milli idealogiyasının təkmilləşməsi üçün əhəmiyyətlidir. Əziz Abuzər müəllim, ad gününüzü təbrik edir, sizə can sağlığı, daha böyük elmi nailiyyətlər arzu edirəm. Biz - Sizin yetirmələriniz Sizi sevir, Sizinlə fəxr edirik. Siz bizim mənəvi atamız, idealımızsınız!

 

 

Azad Qurbanov

Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı,

fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

Bookmark and Share
© Bakı Dövlət Universiteti