Boloniya Bəyannaməsinin şərtlərindən biri də virtual universitetin yaradılmasıdır

15/03/2010

Elektron Təhsil Mərkəzi Azərbaycanın ali məktəblərinin virtual versiyalarının yaradılması üzrə işlərə başlayır.

jpg

Bakı Dövlət Universitetindən “APA-ECONOMICS”ə verilən məlumata görə, BDU-nun http://eu.bsu.az internet ünvanında yerləşən “virtual universitet”in yaradılması üzrə işlər artıq başa çatıb.

Hazırda bu resursdan BDU-nun tələbə, müəllim və inzibati heyəti istifadə edə bilər. Çünki saytda materialların açıq şəkildə yerləşdirilməsi peşəkar etika və müəllimlərin hüquqlarının qorunması üzrə qəbul edilmiş normalara cavab vermir. Bununla yanaşı, “virtual universitet” proqram təminatı tələbəyə ancaq tədris keçdiyi fənlər üzrə materiallardan istifadə etməyə imkan verir. Saytda xəbər lenti, forumlar, çat, daxili e-mail fəaliyyət göstərir.

Qeyd edək ki, resurs Boloniya Bəyannaməsinin şərtlərinə uyğun hazırlanıb. Hazırda saytda 4 mindən çox tələbə qeydiyyatdan keçib, 590 fənn və hər mövzu üzrə 4800 müvafiq konspekt yerləşdirilib.

Layihənin vacib komponentlərindən biri “Lecturnity” proqram təminatı əsasında multimedia kurslarının hazırlanmasıdır. Multimedia kursları ənənəvi təhsilə əlavədir və tələbələrə fənləri sistem şəkildə öyrənməyə imkan verir. Bununla yanaşı, “Virtual Universitet”ə inzibatçılıq etmək üçün Elektron Təhsil Mərkəzi (ETM) 50 tyutor (tələbələr üçün akademik məsləhətçilər) dəvət edib. Bunlardan yalnız 38 nəfəri ETM-in imtahanlarından keçərək müvafiq sertifikat alıb.

Qeyd edək ki, ETM Bakı Dövlət Universiteti, AzRENA Təhsil Assosiasiyası və Almaniyanın “İMC” şirkəti ilə birgə TACIS-in “Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı” layihəsi çərçivəsində yaradılıb.

 

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti