BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində birinci kurs tələbələri ilə görüş keçirilib

10/11/2021

Əvvəlcə tarixi Zəfərlə başa çatan 44 günlük Vətən Müharibəsində canlarından keçən şəhidlərimizin unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Görüşdə fakültənin dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı Universitetə qəbul olunmaları münasibətilə tələbələri təbrik edərək, Universitetin tarixi, bu günü, görkəmli məzunları ilə bağlı məlumatlar verib, Ümummilli Liderimiz Heydər Əliyevin məzunu olmaqdan fəxr etdiyi Bakı Dövlət Universitetində onlara mütəxəssis kimi yetişmək üçün hər bir şəraitin yaradıldığını bildirib. Vurğulanıb ki, bu tədris ilinin tələbələri möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsindən sonra tələbə adını qazanmış Azərbaycanın ən xoşbəxt gəncləridirlər.

Sonra tələbələrə fakültə və seçdikləri ixtisas haqqında, BDU-dakı mövcud təhsil və tədris sistemi, onların biliyinin qiymətləndirilməsi, imtahanların təşkili haqqında məlumat verilib. Tələbələrə həmçinin dərs cədvəli, qiymətləndirmə, mühazirə, məşğələ, laboratoriya dərsləri ilə bağlı əsas anlayışlar izah olunub.

Görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.

Bookmark and Share
© Bakı Dövlət Universiteti