BDU-da Elmi şuranın növbəti iclası keçirilib

05/04/2011

Bu gün Bakı Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib. AMEA-nın Rəyasət Heyəti və BDU-nun Elmi Şurasının üzvlərinin, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Azərbaycan elminin, təhsilinin dinamik inkişafının, elmi kadrların hazırlanmasının, elmi potensialının gücləndirilməsinin, elmi-texniki nailiyyətlərin əldə olunmasının əhəmiyyətindən danışan rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfə verdiyini, Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib.

İclasda 2010-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyevin hesabatı dinlənilib. BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasını iclas iştirakçılarının diqqətinə çatdıran professor İ.Əliyevin sözlərindən məlum olub ki, ümumiyyətlə 2010-cu ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 221 mövzu üzrə 1151 elmi iş yerinə yetirilib. BDU əməkdaşları tərəfindən BDU-nun sahibliyi ilə 9 patent alınıb.

2010-cu ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları haqqında da məlumat verən prorektor kitabların filologiya, beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültələrinin əməkdaşları tərəfindən yazıldığını, Almaniyanın “Springer”, Rusiyanın “Nauka” və Türkiyə müxtəlif nəşriyyatlarında nəşr olunduğunu diqqətə çatdırıb.

Çıxışdan o da məlum olub ki, hesabat ilində Universitetin 4 daimi Dissertasiya Şuralarında 8 nəfər doktorluq və 60 nəfər ixtisas üzrə fəlsəfə doktorluq dissertasiyası (onlardan 32 nəfəri BDU-nun əməkdaşı, doktorant və dissertantıdır), Birdəfəlik Dissertasiya şuralarında isə 6 doktorluq (4-ü BDU-nun əməkdaşı) və 24 ixtisas üzrə fəlsəfə doktorluq (12-si BDU-nun əməkdaşları, doktorant və dissertantları) dissertasiyaları müdafiə edilib. Onlardan 3 nəfəri xarici vətəndaşıdır.

Professor Elmi kitabxana, «Bakı Universiteti» nəşriyyatı, universitetin nəzdində  fəaliyyət göstərən «Gənc istedadlar» liseyi, İnformasiya Texnologiyaları Mərkəzinin fəaliyyəti haqqında da məlumat verib, dörd seriyada nəşr olunan «Bakı Universitetinin Xəbərləri» jurnalının fəaliyyətindən danışıb.

İ.Əliyev professor-müəllim heyətinin, əməkdaşların, aspirant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-nun rektoru akademik Abel Məhərrəmovun əmri ilə ilə universitetdaxili “50+50” qrant proqramından, universitet əməkdaşları tərəfindən 35 beynəlxalq və respublikadaxili elmi layihələrin həyata keçirilməsindən danışıb. Məlum olub ki, bu layihələr Avropa Birliyinin 7-ci Çərçivə (FP-7) və TEMPUS Proqramları, Amerikanın Mülki Tədqiqatlar və İnkişaf Fondu, Səudiyyə Ərəbistanın Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzi, Ukrayna Elm və Texnologiya Mərkəzi, Fransanın Milli Elmi araşdırmalar mərkəzi, NATO-nun «Elm sülhün keşiyində» proqramı, İsveçrə Milli Elm fondu, Almaniyanın Folsfagen şirkəti, Soros fondu Açıq Cəmiyyət İnstitutu, Dünya Bankı, AR Prezidenti Yanında Elmin İnkişafı Fondu, AR Təhsil Nazirliyi və AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən maliyyələşdirilir.

İclası yekunlaşdıran rektor, akademik Abel Məhərrəmov, Şura üzvləri və qonaqlar hesabatdan məmnun qalıblar.

Mətbuatİnformasiya şöbəsi, 05 aprel 2011-ci il.

(Material AzərTac, APA, Azadinform, SİA, modern.az,  SalamNews, AZE.az informasiya agentliklərində, xəbər portallarında və"Azərbaycan", "Yeni Azərbaycan", "İki sahil",  "Respublika", “525-ci qəzet”lərində də yayımlanıb – 05-06aprel 2011-ci il)

Bookmark and Share
© Bakı Dövlət Universiteti