BDU-da Bilik günü qeyd edilib

17/09/2018

Bakı Dövlət Universitetində 15 sentyabr - Bilik günü münasibətilə tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov birinci kurs tələbələrini Bakı Dövlət Universitetinə daxil olmaları münasibətilə təbrik edib. Rektor Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində həyata keçirilən səmərəli islahatlardan, o cümlədən, elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Ümummilli lider Heydər Əliyevin «Azərbaycan xalqının milli sərvəti» adlandırdığı BDU-nun flaqman rolunu uğurla davam etdirdiyini, ölkəmizin milli universiteti statusunu qoruduğunu qeyd edib. Universitetin tarixi keçmişi, müasir inkişaf mərhələləri barədə ətraflı məlumat verən akademik Abel Məhərrəmov bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü bakalavriatura və magistratura səviyyəsində qəbul olunanların (BDU-nun Qazax filialı da daxil olmaqla) 6220 nəfər təşkil etdiyini bildirib. Məlum olub ki, BDU-ya daxil olan tələbələrdən 1982 nəfəri 500-dən, 461 nəfəri 600-dən, 131 nəfəri 650-dən artıq, 3 nəfər 700 bal toplayıb, 12 nəfər Prezident təqaüdünə layiq görülüb. Ümumilikdə universitet tələbələrinin sayı 23 minə qədərdir.

Universitetin 100 illik tarixi yubileyə hazırlaşmasından bəhs edən rektor, yubiley ərəfəsində yeni Yataqxana şəhərciyinin və Yüksək Texnologiyalar Mərkəzinin istifadəyə veriləcəyini bildirib.

Daha sonra müəllimlər adından Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, tələbələr adından 700 bal toplayaraq Hüquq fakültəsinin tələbəsi adını qazanmış Əzim Əzizli və valideynlər adından Mahirə Əhmədova çıxış ediblər. Çıxışçılar bu qocaman ali təhsil ocağı, o cümlədən yeni tədris ili ilə bağlı xoş arzu və istəklərini ifadə ediblər.

Sonda akademik Abel Məhərrəmov yeni tədris ilinin başlanmasını elan edərək tələbələri, onların valideynlərini və universitet kollektivini bir daha təbrik edib, xatirə şəkilləri çəkdirib.

Onu da qeyd edək ki, bu il BDU-nun Qazax filialına qəbul olan tələbələrin sayında artım olub. Belə ki, bu il filiala 561 nəfər tələbə qəbul olub. Bu rəqəm ötən illə müqayisədə 172 nəfər çoxdur. Beləliklə, BDU-nun Qazax filialında cari tədris ilində 17 ixtisas üzrə təhsil alanların sayı 1006 nəfərə çatıb.

Bu tədris ilində BDU-nun SABAH qruplarına qəbul olunan tələbələrin sayı 250 nəfərdən 280 nəfərə qədər yüksəlib. Onlardan 264 nəfəri BDU tələbələridir. Ümumilikdə, BDU-nun 10 ixtisas üzrə SABAH qrupları tələbələrinin sayı ötən illə müqayisədə 106 nəfər artaraq 701 təşkil edib.

Magistratura səviyyəsinə qəbul olan magistrantların sayı 776 nəfər təşkil edib. Bu da ötən illə müqayisədə 132 nəfər çoxdur. Təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 16 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 44 ixtisas və 235 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir və təhsil alan tələbələrin sayı 23 minə yaxındır.

Universitetdə təhsil alan tələbələrin təlim-tərbiyəsi ilə 3000-dən çox əməkdaş, o cümlədən 1500 nəfər professor-müəllim heyəti məşğul olur. Onlardan 300-dək əməkdaş elmlər doktoru, professor, 1000-dək əməkdaş isə fəlsəfə doktoru, dosentdir.

Mətbuat və informasiya şöbəsi 17 sentyabr 2018-ci il

Bookmark and Share
© Bakı Dövlət Universiteti