BDU-da Agdaban soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

07/04/2017

Bakı Dövlət Universitetində “Aşıq Şəmşir” Mədəniyyət İctimai Birliyinin və BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin birgə təşkilatçılıgı ilə Agdaban soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə baş verən Ağdaban soyqırımı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının xalqımıza qarşı törətdiyi dəhşətli faciədir. Rektor qeyd edib ki, həmin soyqırımı zamanı Kəlbəcər rayonunun Ağdaban kəndi tamamilə yandırılıb, kənd sakinləri amansız işgəncələrə məruz qalıb, 40 nəfər vəhşicəsinə öldürülüb. Onlardan 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər uşaq, 7 qadın diri-diri yandırılıb, xeyli insan girov götürülüb və itkin düşüb.

Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin professoru Musa Qasımlı ermənilərin Ağdabanda törətdikləri vəhşiliklərdən və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən bəhs edib.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov işğal altında olan ərazilərin geri qaytarılacağına əminliyini ifadə edib.

Tədbridə çıxış edən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, Ağdaban sakini Cavid Qurbanov faciənin dəhşətli faktları haqqında məlumat verib, soyqırım zamanı Azərbaycan söz sənətinin ustalarından Ağdabanlı Şair Qurbanın və Dədə Şəmşirin nadir əlyazmalarının da yandırıldığını bildirib.

Sonda Kəlbəcər məktəblilərinin ifasında Ağdaban faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, Ağdaban soyqırımına həsr edilmiş yazı müsabiqəsinin qaliblərinə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin adından diplomlar verilib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti