AZƏRBAYCAN BİBLİOQRAFİYASININ CANLI SALNAMƏSİ

02/02/2014

Bu il Azərbaycan biblioqrafiya mədəniyyətinin tanınmış simalarından biri, Əməkdar mədəniyyət işçisi, professor Zöhrab Hüseyn oğlu Əliyevin anadan olmasının 80 illiyi tamam oldu. Zöhrab müəllimin həyat yolu xalqa, elmə, mədəniyyətə təmənnasız, bütün varlığı ilə xidmətin ən gözəl nümunəsidir.

Zöhrab Hüseyn oğlu Əliyev 1933-cü ildə Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. Onun atası Hüseyn kişi dövrünün tanınmış və hörmətli şəxslərindən biri olmuşdur. Doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Kitabxanaçılıq şöbəsinə daxil olmuşdur. Tələbəlik illərində xalqımızın çox görkəmli alim və mütəxəssislərindən dərs alan Zöhrab müəllim formalaşmış, milli-mənəvi dəyərləri özündə cəmləşdirmişdir.

1954-cü ildə təhsilini başa vurduqdan sonra M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına təyinat almış, biblioqraf vəzifəsində çalışmağa başlamışdır. O, qısa müddət ərzində özünü təsdiq edə bilmiş və buna görə də 1955-ci ildə Mədəniyyət Nazirliyininə işə dəvət olunmuşdur. 1956-cı ildə Zöhrab Əliyev Universitetə qayıtmış və Kitabxanaşünslıq və biblioqrafiya üzrə aspiranturaya qəbul olunmuşdur.

Zöhrab müəllimin ən böyük xidmətlərindən biri ondan ibarətdir ki o, ilk dəfə olaraq, Azərbaycan biblioqrafiyasının tarixini ciddi tədqiqat obyektinə çevirmiş, bütün yaradıcılığı boyu çoxəsrlik biblioqrafiya mədəniyyətimizin inkişaf mərhələlərini sosial institut kimi tədqiq etmiş və qiymətli nəticələr əldə etmişdir.

Zöhrab Əliyev 1963-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Müdafiə Şurasında “Azərbaycanda biblioqrafiya işinin inkişafı tarixindən (1920-1958-ci illər)” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək pedoqoji elmlər namizədi adını almışdır. 1970-ci ildə ona Biblioqrafiyaşünaslıq kafedrasının dosenti, 1989-cu ildə professoru elmi adı verilmişdir.

Zöhrab Əliyev 1970-79-cu illərdə Kitabxanaçılıq fakültəsinin dekanı vəzifəsində çalışmış, bu dövrdə fakültədə tədris və elmi tədqiqat işlərinə nəzarəti həyata keçirmişdir. 1984-cü ildən 2007-ci ilə kimi Biblioqrafiyaşünaslıq kafedrasının müdiri olmuşdur.

60 ilə yaxın bir müddət ərzində Azərbaycan biblioqrafiyasının son 150 illik tarixinin tədqiq olunmasında Zöhrab müəllimin müstəsna xidmətlərini xüsusi qeyd etmək lazımdır. O, tədqiqat əsərlərində biblioqrafik fəaliyyətə elmin, təhsilin, iqtisadiyyatın, mədəniyyətin infrastrukturu kimi baxmış, baş verən biblioqrafik hadisələrin mahiyyətini yüksək profesionallıqla tədqiq edib, geniş elmi ictimaiyyətə təqdim etmişdir.

Professor Z.H.Əliyev zəngin elmi axtarışların nəticəsi kimi biblioqrafiyaşünaslıq elminə 50-dən çox məqalə, dərslik və dərs vəsaitlərini töhfə etmişdir. Onlardan  “Azərbaycanda biblioqrafiya işinin vəziyyəti və inkişafı tarixindən (1945-1956-ci illər)” 1960, “Kitabxanada məlumat biblioqrafiya aparatının təşkili” (1966), “Tövsiyə biblioqrafik vəsaitlərin tərtibi metodikası” (1967), “Biblioqrafiyanın nəzəriyyəsi və metodikası” (1973), “Azərbaycan biblioqrafiyasının tarixi (1920-1970)” (1978), “Ümumi biblioqrafiyaşünaslıq” (2001), “Azərbaycan biblioqrafiyasının tarixi” (2007) və.s əsərləri bu sahədə təhsil alan tələbələr, elmi işçilər, tədqiqatçılar üçün əhəmiyyətlidir.

Zöhrab müəllim istər sovet dönəmində və istərsə də Azərbaycan Respublikasının müstəqilliyi illərində ali kitabxanaçılıq təhsilinin inkişafına qiymətli töhfələr vermişdir. O, Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının üzvü, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin vahid Elmi-Metodik Şurasının Kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq bölməsinin sədr müavini kimi səmərəli fəaliyyət göstərmişdir.

Zöhrab Əliyevin elmi-pedoqoji fəaliyyəti yüksək qiymətləndirilmiş, 1980-ci ildə ona “Əməkdar Mədəniyyət işçisi” fəxri adı verilmiş, medallarla, Fəxri fərmanlarla təltif edilmişdir.

Zöhrab müəllimi 80 illik yubileyi münasibətilə tələbələri, Kitabxanaçılıq-informasiya fakültəsinin kollektivi adından təbrik edir, ona sağlamlıq edirik.

Nadir İsmayılov,

BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri,

dosent

Bookmark and Share
© Bakı Dövlət Universiteti