KAFEDRANIN YARANMA TARİXİ VƏ BU GÜNÜ
KAFEDRANIN YARANMA TARİXİ VƏ BU GÜNÜ
Kafedra 1968-ci ildən fəaliyyət göstərir. Kafedraya 1968-1978-ci illərdə dosent Əşrəf Teymur oğlu Xələfov, 1979-1983-cü illərdə dosent Hacı Balay oğlu Həsənov, 1984-2008-ci illərdə Əməkdar mədəniyyət işçisi, professor Zöhrab Hüseyn oğlu Əliyev rəhbərlik etmişlər. 2007-ci ildən kafedra müdiri dosent Nadir İslam oğlu İsmayılovdur.
Hazırda kafedrada dosent Nadir İslam oğlu İsmayılov, baş müəllimlər – fəlsəfə doktorları Xuraman Telman qızı Ağayeva, Sima Paşa qızı İsmayılova, Solmaz Azay qızı Sadıqova, müəllimə İradə Ziyadxan qızı Bayramova çalışırlar.
Kafedrada bakalavr pilləsi üzrə Biblioqrafiyaşünaslıq, Kitabxanada biblioqrafik işin təşkili və metodikası, Azərbaycan biblioqrafiyasının tarixi, Xarici biblioqrafiya, Ölkəşünaslıq biblioqrafiyası, Uşaq və gənclər ədəbiyyatı biblioqrafiyası, Sahəvi biblioqrafiya, Biblioqrafik evristika, Sosial-siyasi ədəbiyyatın biblioqrafiyası, Bədii ədəbiyyat, ədəbiyyatşünaslıq və incəsənətin biblioqrafiyası, Normativ-texniki və patent sənədləri üzrə informasiya xidməti, Sənədşünaslıq, İqtisadiyyatın biblioqrafiyası və s., magistratura pilləsi üzrə isə Biblioqrafik vəsaitlərin tərtibi metodikası, Sənədlərlə iş (referatlaşdırma və annotasiyalaşdırma), Beynəlxalq biblioqrafik əməkdaşlıq, Soraq-biblioqrafik xidmətin təşkili və idarə olunması, Humanitar elmlərin biblioqrafiyası, Milli ideologiyanın biblioqrafik informasiya təminat sistemi, Təbiətşünaslığın biblioqrafiyası, Biblioqrafiyaşünaslığın tədrisi metodikası və s. fənlər tədris olunur.
Son 5 ildə Biblioqrafiyaşünaslıq kafedrasının apardığı elmi tədqiqat işinin əsas istiqaməti ölkədə biblioqrafik fəaliyyətin tarixi, nəzəriyyəsi, metodikasının təşkili və idarə olunması, o cümlədən biblioqrafik ehtiyatın yerləşdirilməsi və səmərəli istifadə olunması, cəmiyyətin biblioqrafik informasiya təminatı, biblioqrafik işdə müasir informasiya texnologiyalarının tətbiqi problemlərinin tədqiqidir.
Kafedranın əməkdaşları Azərbaycan biblioqrafiyasının tarixi, təşkili və idarə olunmasının elmi əsaslarının müəyyənləşdirilməsi, mövcud biblioqrafik resurslardan səmərəli istifadənin optimallaşdırılmasına təsir edən konsepsiyanın hazırlanması məqsədi ilə səmərəli tədqiqatlar aparılır. Bu baxımdan dosent N.İ.İsmayılovun elmi yaradıcılığında Azərbaycanın kitabxana-biblioqrafiya resurslarının təşəkkülü, inkişaf mərhələləri, yerləşməsinin müasir vəziyyətinə həsr etdiyi monoqrafiya (2013, Almaniya, Akademiya nəşriyyatı, rus dilində) və elmi məqalələri diqqəti cəlb edir. Buna görə də o, 2014-cü ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilmişdir.
2009-2014-cü illərdə kafedranın elmi fəaliyyətinin nəticələri 2 monoqrafiya, 8 kitab, 102 elmi məqalə və 32 tezisdə öz əksini tapmışdır.
Kafedra tədrislə yanaşı, elmi-tədqiqat işi ilə də məşğul olur. Onun elmi-tədqiqat işinin əsasını «Azərbaycan milli biblioqrafiyası» təşkil edir. Bununla əlaqədar, Azərbaycanda fəaliyyət göstərən və biblioqrafik fəaliyətlə yaxından məşğul olan M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının və başqa biblioqrafik fəaliyyəti olan müəssisələr tədqiqat obyekti kimi kafedranın diqqət mərkəzində olur.
