FAKÜLTƏNİN TARİXİ

Kitabxanaçılıq-informasiya fakültəsi Kitabxanaçılıq şöbəsi kimi 1947/48-ci tədris ilində BDU-nun Filologiya fakültəsinin nəzdində təşkil olunmuş, bununla da Azərbaycanda ali kitabxanaçılıq təhsilinin əsası qoyulmuşdur. Xalq yazıçısı Süleyman Rəhimov, təcrübəli kitabxana mütəxəssisləri Əliheydər Qəhrəmanov, Hüseyn Tağıyev və Məryəmxanım Səmədova şöbənin ilk ixtisas müəllimləri kimi fəaliyyət göstərmişlər. 1958-ci ildən Kitabxanaçılıq şöbəsi Şərqşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərmişdir. Kitabxanaçılıq şöbəsi fəaliyyət göstərdiyi illərdə özünün formalaşma dövrünü keçmiş, müstəqil Kitabxanaçılıq fakültəsinin təşkilinə zəmin yaratmışdır. Bu dövrdə Kitabxanaçılıq şöbəsinin kiçik kollektivi universitetin görkəmli alimlərinin əhatəsində tədris prosesinin təşkilində, tədris planlarının, yeni proqram və dərs vəsaitlərinin hazırlanmasında böyük təcrübə əldə etmişdir.
Müstəqil Kitabxanaçılıq fakültəsi 1962-ci ilin oktyabr ayından fəaliyyətə başlamışdır. SSRİ miqyasında ilk dəfə olaraq universitet təhsili bazasında kitabxanaçı kadrların hazırlanmasını təmin edən Kitabxanaçılıq şöbəsinin müstəqil fakültəyə çevrilməsi Azərbaycanda kitаbхаnа işinin inkişafına təkan verdi. Fakültə qısa zaman müddətində keçmiş SSRİ-də kitabxanaçılıq təhsilinin və kitabxanaşünaslıq elminin qabaqcıl mərkəzlərindən birinə çevrilərək, təkcə respublikamız üçün deyil, həmçinin Zaqafqaziya respublikaları üçün kitabxanaçı kadrlar hazırlamışdır. Kitabxana-informasiya fəaliyyətinin sürətli inkişafını və müvafiq tədris planlarının və fənn proqramlarının hazırlanması nəzərə alınaraq 2003-cü ildə Kitabxanaçılıq fakültəsinin adı dəyişdirilərək Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılmışdır.
1962-ci ildən bu günə kimi fakültəyə dörd dekan rəhbərlik edib: 1962-1970, 1979-1993-cü illərdə tarix elmləri doktoru, prof. Abuzər Alı oğlu Xələfov, 1970-1979-cu illərdə prof. Zöhrab Hüseyn oğlu Əliyev, 1993-2012-ci illərdə prof. Xəlil İsmayıl oğlu İsmayılov. 2012-ci ildən fakültənin dekanı dosent Azad İsa oğlu Qurbanovdur. Fakültənin ilk dekanı professor A.A.Xələfov nəinki öz spesifikasına görə universitetin digər fakültələrindən fərqlənən yeni fakültə yaratmış, həmçinin onun uzunmüddətli dinamik inkişafını təmin edən milli kitabxanaçılıq təhsili konsepsiyası işləyərək həyata keçirmişdir.
Kitabxanaçılıq-informasiya fakültəsində 3 elmi-nəzəri və təcrübi jurnal - beynəlxalq statuslu “Ki­tabxanaşünaslıq və informasiya”, “Kitabxanaşünaslıq və biblioqrafiya” və “Kitabşünaslıq və nəşriyyat işi” jurnalları nəşr olunur. Bu jurnallar Azərbaycanda kitabxana və nəşriyyat işinin inkişafına xidmət edir.
Kitabxanaçılıq-informasiya fakültəsinin kollektivi elmi yaradıcılığa həmişə önəm vermişdir. Fəaliyyəti dövründə fakültə əməkdaşlarının beş minə yaxın elmi əsəri çap olunmuşdur. Son 5 ildə fakültədə 4 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almış, əməkdaşlar 25 monoqrafiya, dərslik və dərs vəsaiti nəşr etdirmişlər. Bu gün fakültədə bibliometriya və informetriya kimi çox aktual olan elmi istiqamətlər üzrə tədqiqatlara start verilmişdir. Fakültə Elmi Şurasının qərarı ilə professor A.A.Xələfovun sədrliyi ilə «Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslığın aktual problemləri» adlı elmi seminar fəaliyyət göstərir.
Fakültədə sosial iş, istedadlı tələbələrin aşkar edilməsi və elmi tədqiqatlara, yaradıcılıq işlərinə cəlb edilməsi həmişə diqqət mərkəzindədir. Fakültədə bir neçə istiqamət üzrə yaradıcılıq dərnəkləri təşkil edilmiş, fakültənin “Bizim söz” adlı qəzeti nəşrə başlamışdır. Fakültə Aşıq Şəmşir Ocağı İctimai Birliyi ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş təntənəli ədəbi-bədii tədbir keçirmiş, Hüseyn Cavidin və Mir Cəlal Paşayevin yubileyləri münasibətilə məqalə müsabiqələri təşkil etmişdir.

 

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti