Fakültənin elmi tədqiqat fəaliyyəti

 

Fakültənin elmi-tədqiqat fəaliyyəti

Kitabxanaçılıq-informasiya fakültəsi Azərbaycanda kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq təhsili üzrə elmi-tədqiqat mərkəzi kimi formalaşmışdır. Fakültədə elmi-tədqiqat işləri istiqamətində həyata keçirilir:

  1. Namizədlik və doktorluq dissertasiya işlərinin hazırlanması və müdafiəsi;
  2. Monoqrafiyaların çap edilməsi;
  3. Müvafiq sahələr üzrə tədris-metodik nəşrlərin hazırlanması və çap edilməsi;
  4. Elmi və elmi-kütləvi xarakterli məqalələrin yazılması və dərc edilməsi.

Azərbaycanda ki­tab­xa­naşünaslıq, biblioqrafiyaşünaslıq üzrə elmi fikrin ilk mərkəzi 1947-ci ildən yaradılmış «Kitabxanaşünaslıq və biblioqrafiya » kafedrası olmuşdur. Bu proses əvvəlcə tədris materiallarının hazırlanması ilə başlamış, 60-70-ci illərdən ciddi tədqiqatlarla davam etmişdir. Qeyd olunan sahələrin müstəqil elmi istiqamət kimi formalaşması Kitabxanaçılıq fakültəsinin ilk ali ixtisas təhsilli müəllimlərinin fədakar elmi əməyinin nəticəsində mümkün olmuşdur.
Aparılan araşdırmalar göstərir ki, fakültənin əməkdaşlarının 2500 –dən çox elmi əsəri çap olunmuşdur. Kafedralar üzrə aparıcı mövqe Kitabxanaşünaslıq kafedrasına məxsusdur.Kitabxanaşünaslıq kafedrasının əməkdaşlarının 1100-dən çox müxtəlif xarakterli elmi işi çap olunmuşdur. Biblioqrafiyaşünaslıq kafedrası üzrə əməkdaşların 500-ə yaxın əsərinin çap olunduğu müəyən olunmuşdur. Kitabşünaslıq və nəşriyyat işi kafedrasında professor-müəllim heyətinin 400-ə yaxın əsəri işıq üzü görmüşdür. Kitabxana resursları və informasiya-axtarış resursları kafedrasında isə bu rəqəm 400-ü keçmişdir.
Kitabxanaşünaslıq kafedrası üzrə aparılan tədqiqatların nəticəsi olaraq qədim dövrdən zəmanəmizə qədər Azərbaycanda kitabxana işinin tarixi kompleks şəkildə öyrənilmişdir. Eyni zamanda ayrı-ayrı sahəvi kitabxanaların yaranması, inkişaf mərhələləri, müxtəlif regionlarda kitabxana işinin tarixi və təşkili məsələləri, müxtəlif kitabxana proseslərinin təşəkkülü və inkişaf qanunauyğunluqları, müstəqil tədqiqat işlərinin obyektinə çevrilmişdir. Azərbaycanda kitabxanaşünaslıq üzrə elmi-tədqiqat işlərinin təşkili və istiqamətləndirilməsi sahəsində Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun xüsusi xidmətləri olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan kitabxanaşünaslıq məktəbi formalaşmışdır. Yüksək ixtisaslı kitabxanaşünas alimlər korpusunun formalaşması da məhz kitabxanaşünaslıq kafedrasının fəaliyyəti ilə bilavasitə əlaqədar olmuşdur. Bu tədqiqatların nəticəsində professor Abuzər Xələfovun 250-ə yaxın elmi əsəri çap olunmuşdur. Kafedranın dosentlərindən Azad Qurbanovun, Mehmanəli Məmmədovun, Elçin Əhmədovun, Pərviz Kazıminin, fəlsəfə doktoru Nigar İsmayılovanın, elmi-tədqiqat fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Nəticə etibarilə Azərbaycanda Həmkarlar İttifaqı Kitabxanalarının, Naxçıvan Muxtar Respublikasında kitabxana işinin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində kitabxana işinin, Partiya kitabxanalarının, Türk xalqlarının kitab və kitabxana mədəniyyətinin, kitabxanaların metodik-təminat sisteminin, kənd əhalisinə kitabxana xidmətinin, neft sənayesi üzrə mütəxəssislərə kitabxana – informasiya xidmətinin, uşaq və məktəb kitabxanalarının, kitabxanalararası abonomentin, ayrı-ayrı kitabxanaların tarixinin və müasir vəziyyətinin, kitabxana işində yeni informasiya texnologiyalarının tətbiqi, kitabxanaların kompüterləşdirilməsi, elektron kitabxanaların yaradılması, kitabxanaşünaslığın müasir problemləri və s. kimi məsələlərin tədqiqi məhz bu kafedranın elmi-tədqiqat fəaliyyətinin nəticəsi olaraq həyata keçirilmişdir.
Biblioqrafiyaşünaslıq üzrə elmi fikrin mərkəzi kimi Kitabxanaçılıq-informasiya fakültəsinin müvafiq kafedrası xüsusi mövqeyə malikdir. Kafedranın əməkdaşlarının elmi-tədqiqat istiqaməti Azərbaycan biblioqrafiyasının tarixinin, təşkili və idarə olunmasının elmi əsaslarının müəyyənləşdirilməsi, mövcud biblioqrafik resurslardan səmərəli istifadənin optimallaşdırılmasına təsir edən konsepsiyanın hazırlanmasından ibarətdir. Bu istiqamətdə aparılan tədqiqatların bir qismi Azərbaycan biblioqrafiyasının tarixinin köklü şəkildə öyrənilməsi ilə bağlıdır. Tədqiqatların digər istiqaməti ayrı-ayrı kitabxana və informasiya orqanlarının biblioqrafik fəaliyyətinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədardır. Son illərdə Biblioqrafiyaşünaslıq kafedrasında aparılan tədqiqatların ayrıca istiqaməti kimi biblioqrafik resursun yerləşməsi və ondan səmərəli istifadə məsələlərinin tədqiqidir. Kafedranın professor-müəllim heyətinin yaradıcılığının kəmiyyət xarakteristikası baxımından təhlili göstərir ki, ,dosent Nadir İsmayılov, dosent Solmaz Sadıqova, dosent Sima İsmayılova, dosent Xuraman Ağayeva, fəlsəfə doktoru İradə Bayramova və başqaları daha səmərəli fəaliyyət göstərmişdir.  Dosent Nadir İsmayılovun elmi-tədqiqat fəaliyyəti Azərbaycanın kitabxana-biblioqrafiya resurslarının təşəkkülü, inkişafı, yerləşməsinin müasir vəziyyəti və ondan səmərəli istifadə edilməsi yolları ilə bağlıdır.
Kitabxanaçılıq-informasiya fakültəsinin aparıcı kafedralarından biri də «Kitabxana resursları və informasiya-axtarış sistemləri» kafedrasıdır. Kafedranın elmi-tədqiqat istiqaməti kitabxanaların informasiya resurslarının tədqiqi və ondan istifadənin səmərəli yollarının müəyyən edilməsidir. Bu istiqamətdə tədqiqatların təşkili sahəsində fakültənin dekanı, t. e. d., professor Xəlil İsmayılovun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Onun bu istiqamətdə 100-dən çox elmi əsəri işıq üzü görmüşdür. Bu əsərlər monoqrafiya, dərslik, dərs vəsaiti və elmi məqalələr şəklində nəşr olunmuşdur. Bundan başqa kafedranın elmi fəaliyyətində dos. Aşur Əliyevin, dos. Sevda Xələfovanın, dos. Zahidə Rzayevanın, fəlsəfə doktoru Rəşad Qardaşovun və b/m. Sənubər Mustafayevanın adlarını qeyd etmək lazımdır. 
Kitabxanaçılıq-informasiya fakültəsinin kafedralarından biri də «Kitabşünaslıq və nəşriyyat işi» kafedrasıdır. Kafedranın elmi-tədqiqat istiqaməti Azərbaycan kitab mədəniyyətinin tarixi və müasir vəziyyətinin öyrənilməsi, nəşriyyat işinin təşkili məsələlərinin tədqiq edilməsidir. Bu istiqamətdə aparılan tədqiqatlarda professor Bayram Allahverdiyevin və dosent Knyaz Aslanın fəaliyyəti daha çox diqqəti cəlb edir.

Bookmark and Share
© Bakı Dövlət Universiteti