Fakültə Elmi Şurası

Müstəqillik şəraitində təhsil sahəsində aparılan islahatların əsas məqsədi müstəqil Azərbaycan Respublikasının təhsil sisteminin dünya standartları səviyyəsinə qaldırılması məsələsini həll etməkdir. Bu mühüm işdə Fakültə Elmi Şurası kollektivin əsas istinad nöqtəsi kimi fəaliyyət göstərir, onun işini istiqamətləndirir.

Kitabxanaçılıq-informasiya fakültəsində yüksək ixtisaslı kadrların hazırlanmasında, elmi-tədqiqat və metodiki işlərin aparılmasında, pedaqoji kadrların seçilib, yerləşdirilməsində 1962-ci ildən yaradılan Fakültə Elmi Şurasının rolu böyükdür.

Kitabxanaçılıq fakültəsinin Elmi Şurası fəaliyyət göstərdiyi müddətdə şərəfli yol keçmiş, fakültənin tarixində həlledici rol oynamışdır. Fakültədə elə bir tədris, elm və tərbiyə işi olmamışdır ki, Elmi Şuranın müzakirəsindən kənara qalsın. Elmi Şura fakültə tədris planının, fənn proqramlarının, metodik vəsaitlərin, ixtisas kursu, seçmə kurs və ixtisaslaşma proqramlarının, istehsalat təcrübəsi proqramlarının müzakirə və təsdiqində, elmi-tədqiqat işlərinin istiqamətinin müəyyənləşdirilməsində, dissertasiya işi və buraxılış işi mövzularının təsdiqində fakültənin ali orqanı kimi mühüm işlər görür. Elmi Şura eləcə də fakültədə təlim-tərbiyə işlərinin məqsədyönlü aparılmasına, tədris prosesinin keyfiyyətinin daha da yüksəldilməsinə istiqamət verir. Dekan və fakültəyə qəbul edilən bütün müəllimlər Elmi Şurada seçilməli olduqlarından professor-müəllim heyətinin komplektləşdirilməsində, seçilib yerləşdirilməsində Elmi Şuranın rolu olduqca böyükdür.

Kitabxanaçılıq-informasiya fakültəsinin Elmi Şurası respublikamızda kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslığa dair yeganə elmi mərkəz olduğundan burada tez-tez kitabxana işinin inkişafına, əhaliyə kitabxana xidmətinin aktual problemlərinə dair məsələlər müzakirə edilir, məruzələr dinlənilir, elmi tövsiyələr hazırlanır.

1960-1970-ci illərdə Elmi Şuranın fəaliyyətində əsas yerlərdən birini müstəqil Kitabxanaçılıq fakültəsi üçün fərdi tədris planının təsdiqi tutmuşdur. Bu plan 1970, 1980 və 1990-cı illərdə üç dəfə tərtib və təsdiq edilmişdir. Bunlar o zaman Sovet İttifaqı miqyasında keyfiyyətli tədris planları kimi qiymətləndirilmişdir. 1990-cı illərdə Azərbaycan Respublikasının Təhsil Qanununa əsasən ölkədə çoxpilləli təhsil sitseminə keçilməsi ilə əlaqədar olaraq fakültə Elmi Şurası iki dəfə "Bakalavr" tədris planını, son illərdə isə "Magistr" tədris planını müzakirə və təsdiq etmişdir. Elmi Şura son dövrlərdə yeni Təhsil Qanununa uyğun olaraq bütün fənn proqramlarının təzədən işlənib hazırlanmış variantlarını müzakirə və təsdiq etmişdir.

Məlum olduğu kimi, yüksək ixtisaslı kadrların hazırlığının strategiyası hesab edilən tədris planlarının hazırlanması və tətbiqi dövrün tələblərinə, elmi-texniki tərəqqinin səviyyəsinə və ixtisasın gələcək perspektivlərinə əsaslanır. Mövcud olduğu 65 il ərzində Kitabxanaçılıq-informasiya fakültəsində 9 tədris planından istifadə edilmişdir. İlk tədris planı 1947-ci ildə tərtib edilmişdir. Bu plan Sovetlər Birliyində ilk universitet tədris planı idi. 1955-ci ildə kitabxanaşünas-biblioqraf ixtisası üzrə ilk universitet tədris planı, 1970-cı ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinin yeni tədris planı, 1984-cü ildə ilk dəfə olaraq ölkə üzrə Kitabxanaçılıq fakültəsinin fərdi tədris planı təsdiq edildi.

Azərbaycanın müstəqilliyi illərində Təhsil Qanununun tələblərinə uyğun olaraq, bakalavr pilləsi üzrə tədris planı işlənib hazırlandı. 1996-ci ildən Təhsil Nazirliyi tərəfindən təsdiq edilən ixtisas standartı meydana gəldi. Hazırda Boloniya prosesi ilə əlaqədar tədris planları yenidən işlənmişdir və bu tədris planında dünya kitabxanaçılıq təhsilinin ən mühüm nailiyyətləri öz əksini tapmışdır.

Hazırda Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin Elmi Şurasının tərkibi belədir:

 

1. Dos. A.İ.Qurbanov – Sədr

2. Fəl. dok. X.T.Ağayeva – Elmi katib

3. Prof. A.A.Xələfov

4. Prof. X.İ.İsmayılov

5. Prof. B.V.Allahverdiyev

6. Dos. N.İ.İsmayılov

7. Dos. K.İ.Aslan

8. Dos. A.M. Əliyev

9. Dos. E.Y.Əhmədov

10. Dos. M.Ə.Məmmədov

11. Dos. N.Mehrəliyeva

 

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti