Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyası
Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyası haqqında qısa məlumat
Azərbaycan Respublikasında demokratik vətəndaş cəmiyyətinin qurulmasında, iqtisadi və elmi-texniki inkişafda kitabxanaların böyük rolu vardır. Lakin keçid dövrünün çətinlikləri, iqtisadi və sosial problemlər inkişaf prosesisində kitabxanaların fəaliyyətinə öz təsirini göstərmişdir. Azərbaycanda kitabxana işinin günün tələblərinə uyğun inkişaf etdirilməsi, kitabxana işinin modernləşdirilməsi ücün ən vacib şərtlərdən biri beynəlxalq əməkdaşlığın inkişaf etdirılməsi, dünyada mövcud olan qabaqcıl təcrübənin öyrənilərək ölkəmizdə tətbiq edilməsidir. Bu zaman kitabxana işinin inkişafında dünya təcrübəsindən faydalanmaq, dünyanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən kitabxana işi ilə məşğul olan təşkilatların praktikasına və dəstəyinə arxalanmaq böyük fayda verir. Belə bir vəziyyətdə kitabxanaçıların mövcud vəziyyəti düzgün qiymətləndirməsi, vəzifələrin həlli yolunda qüvvələrin birləşdirilməsi və əlaqələndirmə üçün kitabxana assosiasiyalarının xüsusi əhəmiyyəti vardır. Respublikamızda bu sahədə ən nüfuzlu və geniş tərkibli təşkilat 1999-cu ildə yaradılmış Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyasıdır.
Öz sıralarında respublikanın ən iri kitabxanalarından ibarət olan 13 kollektiv və 300-dən çox fərdi üzvü birləşdirən bu Assosiasiya hal-hazırda ölkəmizdə həm gördüyü işin əhatəsinə, həm də üzvlərinin sayına görə fərqlənən qeyri hökumət təşkilatlarından biridir.
Öz qarşısına ölkədə kitabxana işinin elmi əsaslarla inkişaf etdirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxana proseslərində yeni texnika və texnologiyaların tətbiqi, kitabxana peşəsinin sosial statusu və nüfuzunun yüksəldilməsi və s. bu kimi vacib məsələləri qoyan Assosiasiya indiyə kimi həyata keçirdiyi tədbirləri ilə nəinki kitabxana mühitində, həm də ölkə ictimaiyyəti, dövlət orqanları arasında layiq olduğu nüfuzu qazanmışdır. Assosasiyanın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycan kitabxana ictimaiyyətinin təşkilatlanaraq dünya kitabxana ictimaiyyətinə inteqrasiya etməsidir. Beynəlxalq səviyyədə ən nüfuzlu kitabxanaçılıq təşkilatı olan Kitabxana Assosasiya¬larının Beynəlxalq Federasiyasının (İFLA) 2000-ci ildə bizim Assosiasiyanı öz sıralarına həqiqi üzv kimi qəbul etməsi və təşkilatımızın İFLA-nın Şurasında 8 səslə səsvermə hüqüqüna malik olması, bu sahədə ən əlamətdar hadisədir.
Dünyada kitabxana işini əlaqələndirən, bu sahənin inkişafında böyük xidmətləri olan İFLA hər il illik konfrans keçirir. Dünyanın demək olar ki, bütün ölkələrinin kitabxana təşkilatlarının və informasiya xidməti ilə məşğul olan bir sıra digər qurumların iştirakı ilə keçirilən bu forum hər il dünyanın bir ölkəsində keçirilir və burada həmin fəaliyyət sahəsinin ən aktual məsələləri müzakirə edilir. Mövcud olduğu müddət ərzində Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyası dəfələrlə bir çox beynəlxalq və regional konfranslara dəvət alaraq - 2001-ci ildə İFLA-nın Boston (ABŞ) şəhərində keçirilmiş 67-ci Şura və Konfransında, Amerika Kitabxanaçılar Assosiasiyasının (ALA) 2002-ci il konfransında, 2006-cı ildə İFLA-nın Seul şəhərində keçirilmiş 72-ci Şura və Konfransında və s. rəsmi nümayəndə heyəti ilə iştirak etmişdir.
Artıq dünyanın bir çox ölkələrinin kitabxanaçılıq və informasiya assosasiyaları, cəmiyyətləri və digər qurumları Azərbaycan Kitabxana İşinin İnkişafı Assosasiyasının ilə əməkdaşlıq edir, bu təşkilatı tanıyırlar.
