Kitabxanaçılıq-informasiya fakültəsi Azərbaycan Respublikasında kitabxanaşünas-informasioloq, kitabşünas və nəşriyyat redaktoru ixtisasları üzrə kadr hazırlayan yeganə fakültədir.
Kitabxanaçılıq-informasiya fakültəsində 050215 – Kitabxanaçılıq və informasiya, 050205 – Kitabşünaslıq ixtisasları üzrə bakalavr kadrlar; HSM 150017 – Kitabxanaşünaslıq, HSM 150020 – Biblioqrafiyaşünaslıq, HSM 060005 – Nəşriyyat işi və redaktəetmə ixtisaslaşmaları üzrə isə magistr kadrlar hazırlanır.
Kitabxanaçılıq-informasiya fakültəsində tədrisin təşkili və elmi tədqiqat işlərinin aparılması ilə dekan, dekanın 3 müavini, 3 professor, 13 dosent, 6 müəllim, 6 nəfər baş müəllim, 2 nəfər laboratoriya müdiri, 6 nəfər laborant və baş laborant, 1 nəfər aparıcı elmi işçi, 1 nəfər kiçik elmi işçi, 4 nəfər tyutor, 1 nəfər iş icraçısı məşğul olur.
Fakültədə 4 kafedra – Kitabxanaşünaslıq, Biblioqrafiyaşünaslıq, Kitabxana resursları və informasiya axtarış sistemləri, Kitabşünaslıq və nəşriyyat işi kafedraları, Kitabxanaların kompüterləşdirilməsi Elmi tədqiqat laboratoriyası fəaliyyət göstərir.
Azərbaycan Respublikasının müstəqiliyi və informasiya cəmiyyəti şəraitində kitabxana işində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin daha geniş imkanlara malik olduğu nəzərə alınaraq 2003-cü ildə Kitabxanaçılıq fakültəsinin adı dəyişdirilmiş və "Kitabxanaçılıq-informasiya fakültəsi" adlandırılmış, onun maddi-texniki bazası yaxşılaşdırılmış və kadr potensialı gücləndirilmişdir. Kitabxanaçılıq-informasiya ixtisasının hazırkı dövrün tələbatına uyğun şəkildə yeniləşməsində ABŞ-ın İllinoys və Urbana-Şampeyn universitetlərinin, Fransanın Nitsa Universitetinin Lion Ali Məktəbinin, Belçikanın Namur Ali Kitabxanaçılıq Məktəbinin, eləcə də Rusiya ali məktəblərinin təcrübələrindən geniş istifadə edilmişdir.
Fakültə 2008/2009-cu tədris ilindən Boloniya prosesinə qoşulmuşdur.
Müstəqillik illərində Kitabxanaçılıq-informasiya fakültəsinin kadr hazırlığı sahəsindəki fəaliyyəti həm kəmiyyət, həm də keyfiyyət cəhətdən yaxşılaşmış, bakalavriatura və magistratura təhsil pillələri üzrə 2500-ə yaxın kadr hazırlanmışdır.
Hazırda fakültədə bakalavr pilləsi üzrə 430, magistratura pilləsində isə 40 nəfər tələbə təhsil alır, 5 aspirant və 18 dissertant elmi axtarışlarını davam etdirir.
FAKÜLTƏNİN TARİXİ
Kitabxanaçılıq-informasiya fakültəsi Kitabxanaçılıq şöbəsi kimi 1947/48-ci tədris ilində BDU-nun Filologiya fakültəsinin nəzdində təşkil olunmuş, bununla da Azərbaycanda ali kitabxanaçılıq təhsilinin əsası qoyulmuşdur. Xalq yazıçısı Süleyman Rəhimov, təcrübəli kitabxana mütəxəssisləri Əliheydər Qəhrəmanov, Hüseyn Tağıyev və Məryəmxanım Səmədova şöbənin ilk ixtisas müəllimləri kimi fəaliyyət göstərmişlər. 1958-ci ildən Kitabxanaçılıq şöbəsi Şərqşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərmişdir. Kitabxanaçılıq şöbəsi fəaliyyət göstərdiyi illərdə özünün formalaşma dövrünü keçmiş, müstəqil Kitabxanaçılıq fakültəsinin təşkilinə zəmin yaratmışdır. Bu dövrdə Kitabxanaçılıq şöbəsinin kiçik kollektivi universitetin görkəmli alimlərinin əhatəsində tədris prosesinin təşkilində, tədris planlarının, yeni proqram və dərs vəsaitlərinin hazırlanmasında böyük təcrübə əldə etmişdir. Müstəqil Kitabxanaçılıq fakültəsi 1962-ci ilin oktyabr ayından fəaliyyətə başlamışdır. SSRİ miqyasında ilk dəfə olaraq universitet təhsili bazasında kitabxanaçı kadrların hazırlanmasını təmin edən Kitabxanaçılıq şöbəsinin müstəqil fakültəyə çevrilməsi Azərbaycanda kitаbхаnа işinin inkişafına təkan verdi. Fakültə qısa zaman müddətində keçmiş SSRİ-də kitabxanaçılıq təhsilinin və kitabxanaşünaslıq elminin qabaqcıl mərkəzlərindən birinə çevrilərək, təkcə respublikamız üçün deyil, həmçinin Zaqafqaziya respublikaları üçün kitabxanaçı kadrlar hazırlamışdır. Kitabxana-informasiya fəaliyyətinin sürətli inkişafını və müvafiq tədris planlarının və fənn proqramlarının hazırlanması nəzərə alınaraq 2003-cü ildə Kitabxanaçılıq fakültəsinin adı dəyişdirilərək Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılmışdır. 1962-ci ildən bu günə kimi fakültəyə dörd dekan rəhbərlik edib: 1962-1970, 1979-1993-cü illərdə tarix elmləri doktoru, prof. Abuzər Alı oğlu Xələfov, 1970-1979-cu illərdə prof. Zöhrab Hüseyn oğlu Əliyev, 1993-2012-ci illərdə prof. Xəlil İsmayıl oğlu İsmayılov. 2012-ci ildən fakültənin dekanı dosent Azad İsa oğlu Qurbanovdur. Fakültənin ilk dekanı professor A.A.Xələfov nəinki öz spesifikasına görə universitetin digər fakültələrindən fərqlənən yeni fakültə yaratmış, həmçinin onun uzunmüddətli dinamik inkişafını təmin edən milli kitabxanaçılıq təhsili konsepsiyası işləyərək həyata keçirmişdir. Kitabxanaçılıq-informasiya fakültəsində 3 elmi-nəzəri və təcrübi jurnal - beynəlxalq statuslu “Kitabxanaşünaslıq və informasiya”, “Kitabxanaşünaslıq və biblioqrafiya” və “Kitabşünaslıq və nəşriyyat işi” jurnalları nəşr olunur. Bu jurnallar Azərbaycanda kitabxana və nəşriyyat işinin inkişafına xidmət edir. Kitabxanaçılıq-informasiya fakültəsinin kollektivi elmi yaradıcılığa həmişə önəm vermişdir. Fəaliyyəti dövründə fakültə əməkdaşlarının beş minə yaxın elmi əsəri çap olunmuşdur. Son 5 ildə fakültədə 4 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almış, əməkdaşlar 25 monoqrafiya, dərslik və dərs vəsaiti nəşr etdirmişlər. Bu gün fakültədə bibliometriya və informetriya kimi çox aktual olan elmi istiqamətlər üzrə tədqiqatlara start verilmişdir. Fakültə Elmi Şurasının qərarı ilə professor A.A.Xələfovun sədrliyi ilə «Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslığın aktual problemləri» adlı elmi seminar fəaliyyət göstərir. Fakültədə sosial iş, istedadlı tələbələrin aşkar edilməsi və elmi tədqiqatlara, yaradıcılıq işlərinə cəlb edilməsi həmişə diqqət mərkəzindədir. Fakültədə bir neçə istiqamət üzrə yaradıcılıq dərnəkləri təşkil edilmiş, fakültənin “Bizim söz” adlı qəzeti nəşrə başlamışdır. Fakültə Aşıq Şəmşir Ocağı İctimai Birliyi ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş təntənəli ədəbi-bədii tədbir keçirmiş, Hüseyn Cavidin və Mir Cəlal Paşayevin yubileyləri münasibətilə məqalə müsabiqələri təşkil etmişdir.
FAKÜLTƏNİN GÖRKƏMLİ ELM XADİMLƏRİ VƏ MƏZUNLARI
Fakültənin məzunları M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından başlamış kənd kitabxanalarına qədər respublikanın bütün kitabxana şəbəkələrində müvəffəqiyyətlə çalışmaqdadırlar. Respublikanın bütün kitabxana-informasiya müəssisələrində, elmi-texniki, xüsusi, kütləvi kitabxanalarında rəhbər işlərdə, mühüm elmi vəzifələrdə çalışan məzunlar dərin biliyi, peşəkarlığı, yüksək elmi, intelektual səviyyəsi, böyük vətəndaşlığı ilə fərqlənirlər. Kitabxanaçılıq-informasiya fakültəsinin məzunları sırasında elmlər doktorları, professorlar, dosentlər, görkəmli yazıçılar, şairlər, ictimai və dövlət xadimləri, Milli Məclisin üzvləri, jurnalistlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, inzibati işçilər, ayrı-ayrı nazirliklərdə müvəffəqiyyətlə çalışan kadrlar çoxdur. Onlardan bəzilərinin adlarını çəkmək yerinə düşər: professorlardan Abuzər Xələfov, Bayram Allahverdiyev, Zöhrab Əliyev, Xəlil İsmayılov, Qara Namazov, İslam Ağayev, Əsədulla Qurbanov, dosentlərdən Elman Bədəlov, Hacı Həsənov, Tacəddin Quliyev, Zöhrab Baxşəliyev, Fərman Həsənov, Əşrəf Xələfov, Əli Rüstəmov, Sahib Rzayev, Aşur Əliyev, Nadir İsmayılov, Mehmanəli Məmmədov, Elçin Əhmədov, Knyaz Aslan, Ələmdar Bayramov, Almaz Abbasova, Rasim Süleymanov, Əmin Əfəndiyev, Fazil Məmmədov, Zülfəli İbrahimov, İsmayıl Əyyubov, Qafar Əliyev, Nailə Mehrəliyeva, Şəhla Quliyeva, Vüsalə Musalı, kitabxana işinin təşkilatçılarından Firuzə Quliyeva, Tahir Sadıqov, Fikrət Mahmudov, Oruc Quliyev, Müzəffər Həsənov, Tamella İsmixanova, Sara İbrahimova, Narıngül Xələfova, Cabir Ağaməmmədov, Mirzəmməd Novruzov, Asif Bayramov, Ələddin Əliyev, Rəfiqə Zərdabi, Mələkxanım Hacıyeva, Xuraman İsmayılova, şair, yazıçı və jurnalistlərdən Zəlimxan Yaqub, Əlisa Nicat, Məmməd İsmayıl, Şakir Yaqubov, Əhməd İsayev, Akif Nəsirov, Şəlalə Məhyəddinqızı və digərləri.
Kitabxanaçılıq-informasiya fakültəsinin 10 ən məşhur məzunu
 .jpg) .jpg) .jpg)    _1.jpg)
|